Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Ərdoğanın Azərbaycana səfəri müttəfiqlik münasibətlərinə yeni töhfədir

0

  •         Türkiyə Respublikasında keçirilmiş prezident seçkilərində qalib gəldikdən sonra iyunun 13-də Rəcəb Tayyib Ərdoğanın ilk olaraq Azərbaycana səfəri Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrinin yüksək səviyyəsinin ifadəsidir. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu “İki dövlət, bir millət” şüarı altında bərqərar olan Azərbaycan Türkiyə qarşılıqlı əlaqələri 2015-ci ilin 15 iyununda imzalanmış Şuşa Bəyannaməsi ilə ölkələrimiz arasında rəsmi müttəfiqlik statusu aldı. Azərbaycan-Türkiyə əlaqələri Əliyev-Ərdoğan münasibətlərinin inikasıdır. Belə ki, bu ölkələrin liderləri imkan düşdükcə bütün səviyyələrdə, bütün vəziyyətlərdə bir-birinin yanında olurlar, sevinc və kədərini eyni dərəcədə bölüşürlər. Dövlət başçımız iki ölkə arasındakı əməkdaşlığı bütün sahələrdə konkret proqramlar əsasında inkişaf etdiyini vurğulamışdır. Ticarət dövriyyəsi sürətlə artır və artıq 6 milyard dollara yaxınlaşıbdır və gələcəkdə daha da artacaq. Bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi amili çox önəmlidir. Türkiyə və Azərbaycan bundan sonra da xarici siyasət sahəsində vahid mövqedən çıxış edəcəklər. Rəcəb Tayyib Ərdoğanın səfəri bir daha onu göstərir ki, Azərbaycan-Türkiyə münasibətləri nümunəvidir, strateji xarakter daşıyır. Xalqlarımız, dövlətlərimiz və dövlət başçıları dost, qardaş münasibətindədirlər. Türkiyə Prezidentinin ilk səfərinə Azərbaycandan başlaması həm də Azərbaycan və Türkiyəyə qərəzli mövqedə dayanan dövlətlər üçün də ismarışdır: Azərbaycan və Türkiyə qardaşlığı əbədidir, heç kim bizim aramıza girə bilməz. Türkiyə Azərbaycanı heç vaxt yalqız qoymaz. Eyni münasibətləri Türkiyə Azərbaycandan da görməkdədir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri gözlənilən idi. Məlum məsələdir ki, hər iki lider ənənəvi olaraq prezident seçkilərindən dərhal sonra ilk səfərini məhz bir-birinin ölkəsinə edir. Bu ənənə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətinin, xalqlarımız arasındakı tarixi və mənəvi bağın təzahürü, bariz göstəricisidir. Səfərlər onu göstərir ki, qardaş ölkə arasında dostluq və qardaşlıq münasibətləri tarixinin ən güclü mərhələsindədir. Görüşdə həm iki ölkə arasındakı münasibətlər, həm də Qarabağdakı son vəziyyət müzakirə edildi. Görüş zamanı hazırda şərti təmas və rus sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdikləri zonada baş verən təxribatlar və bu diversiya aktlarına qarşı mümkün mübarizə imkanları müzakirə olundu. Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində nəqliyyat və energetika nazirlərinin də onu müşayiət etməsi xüsusi önəm daşıyır. Belə ki, bu, Türkiyə tərəfinin bölgədə, xüsusən də, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərində rolunun artmasının göstəricisidir. Digər tərəfdən isə Şuşada Türkiyə Baş konsulluğunun açılması Türkiyənin dünyaya verdiyi bir mesaj olacaq. Baş konsulluğun açılması iki ölkənin qətiyyətini ortaya qoyacaq. Hazırda atılacaq addımlardan biri də Türkiyə-Azərbaycan Universiteti məsələsidir. Bu məsələ ilə əlaqədar Ali Təhsil İdarəsinin sədri öz həmkarı ilə bu məsələni nəzərdən keçiriblər. Qanuni prosedurun vacibliyini isə Cənab Prezidentimiz İlham Əliyev ifadə etdi. Bu məsələ də tez bir zamanda həyata keçiriləcək. Türkiyə ilə Azərbaycan arasında belə bir universitetin qurulmasına nail olacağıq. Beləliklə, azərbaycanlı gənclərimiz Türkiyəyə rahatlıqla gələ biləcəkləri kimi, türk gəncləri də eyni qaydada Azərbaycandakı universitetdə oxumaq şansı əldə edəcəklər. Ən mühüm məsələlərdən biri də xüsusilə hazırda özəl sektorumuzun burada atdığı addımlardır. Şirkətlərimiz kənd təsərrüfatı, heyvandarlıq sahələrində müştərək fəaliyyəti uğurla həyata keçirirlər. Bununla yanaşı, nəqliyyat sahəsində türk podratçı firmaları həqiqətən də Azərbaycanda uğurlu infrastruktur layihələrini həyata keçirirlər. Prezident Rəcəb Tayyib Ərdoğan sonda əhali ilə bağlı planlarını dilə gətirdi. Azərbaycan mövcud əhalisi ilə təbii ki, daha da irəli gedəcək. Mənim əhali ilə bağlı planımı, proqramımı bilirsiniz, ən azı üç deyirdim. Amma Azərbaycanda bu, ən azı beş olmalıdır. Elədirmi, qardaşım? deyərək Cənab Prezidentimizə öz fikrini ifadə etdi. Buna nail olanda Azərbaycan daha güclü olacaq. Çünki əhali hər bir ölkənin gücüdür, həmin ölkənin gələcəklə bağlı paradiqmalarını dəyişdirir. Bu inamla, Türkiyə-Azərbaycan qardaşlığı və “Bir millət, iki dövlət” anlayışı ilə gələcəyə doğru addımlayacağıq. Aramızdakı Preferensial Ticarət Sazişindən tutmuş digər sahələrdə atacağımız addımlarla, Türkiyə-Azərbaycan qardaşlığını daha yüksək səviyyəyə çatdıracağıq. Türkiyə-Azərbaycan birliyi xalqlarımız üçün, bölgə üçün, Türk dünyası üçün önəmlidir. Əminəm ki, gələcək illərdə bu birlik daha da güclənəcək və bizi yeni uğurlar, yeni qələbələr gözləyir.
    Aydın Əliyev,
    Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib55 dəfə
    Ərdoğanın azərbaycana səfəri müttəfiqlik münasibətlərinə yeni töhfədir

    Maraqlı gələ bilər
    47
    45
    103